Aktrisa onun haqqında şayiə yayanları mənəviyyatsız adlandırdı
Məleykə Əsədova sənətdə özünü bəxti gətirənlərdən hesab edir. Şəxsi
həyatda isə özünü o qədər də şanslı hesab etmir. Səhnədə ona rolları,
həyatda isə yeganə övladı ruh verir: "Mən bəxti gətirən aktrisayam.
Aktrisanın istedadı olmasa, ona kömək etməyin də mənası olmaz.
Lütfi Məmmədbəyov istedadımı görməsəydi, məni seriallara, tamaşalara
dəvət etməzdi. Rollarımın hamısını yaşayıram. Mən qiraət, nitq
mədəniyyətinə görə Mikayıl Mirzəyə borcluyam. Onun da mənə əməyi az
olmayıb. Xaraktercə elə insanam ki, yaxşılıq itirmirəm. Mənə hörmət
edən insanlara həmişə qarşılıqlı hörmət göstərirəm".
Məleykə xanım qeyd etdi ki, insan ilk növbədə özünə inanmalıdır. Əks
təqdirdə heç nə əldə edə bilməz. Təbii ki, burada alın yazısının,
taleyin də rolu var. Mən əvvəllər alın yazısına inanmırdım. Lakin bu
gün əksinə düşünürəm. Teatrdakı uğurlarıma gəlincə, onları asanlıqla
əldə etməmişəm. Hər rol üzərində aylarla çalışmışam".
Yalnız səhnəyə bağlı olduğunu deyən aktrisa, həm də övladının onun
həyatında böyük rol oynadığını bildirdi. Boş vaxtlarını qızına həsr
edən Məleykə Əsədova onu savadlı bir insan kimi görməyi arzulayır:
"İstəməzdim ki, qızım aktrisa olsun. Çünki bu sənət çox çətindir. Özüm
bu çətinlikləri keçdiyim üçün belə fikirdəyəm".
Şəxsi həyatı ilə bağlı bəzi məqamlara toxunan Məleykə Əsədova qeyd
etdi ki, tək qalmaq çətindir: "Əgər qızım olmasaydı, bəlkə də ayaq üstə
durmağa çətinlik çəkərdim. Bir qadın, bir ana üçün tək olmaq həm
məsuliyyətli, həm də ağırdır. Bilirəm ki, ağır bir yük altındayam. Heç
bir qadına tənhalıq arzulamıram. Qadın sevdikcə, sevildikcə gəncləşir,
gözəlləşir.
Haqqında gəzən bəzi şayiələrə də münasibət bildirən aktrisa qeyd
etdi ki, tez-tez ünvanına xoşagəlməz fikirlər eşidir: "Haqqımda olan
bəzi söhbətləri mənəviyyatsız insanlar yayır. Həm də tanınmış insanlar
barədə çox adam çox söz danışır. Əgər hər sözə cavab verəsi olsam,
gərək bütün işlərim ikinci plana keçsin. Odur ki, deyilənləri
qulaqardına vurmaq məcburiyyətindəyəm".
|