Azərbaycan alimləri 1600 manata dimlop satarkən yaxalandılar
Azərbaycanda saxta diplom satışı ilə məşğul olan alim və müəllimlərdən ibarət dəstə zərərsizləşdirilib. Daxili
İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov
bildirib ki, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi
əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dilçilik İnstitutunun
elmi işçisi, filologiya elmləri namizədi Elçin İsmayılov və Azərbaycan
Beynəlxalq Universitetinin (ABU) dosenti İradə İmanova və Emil Şahbazov
saxta diplomu 1600 manata satarkən saxlanılıblar.
Zahidov deyib ki, onlar cinayət əlaqəsinə girərək Azərbaycan Milli
Aerokosmik Agentliyi və Rusiya Dövlət Ali Məktəbləri nəzdində fəaliyyət
göstərən Beynəlxalq Tədqiqi Kosmonavtika İnstitutunun saxta diplomunu
satmaq istərkən tutulublar.
Fakt üzrə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin
İstintaq şöbəsində araşdırma aparılır. Araşdırmadan sonra onlar
barəsində cinayət işinin açılıb-açılmayacağı barədə qərar veriləcək.