Ötən gün keçirilən nümayişlər 5 nəfərin ölümü ilə nəticələnib
Çinin Sincan-Uyğur Muxtar Vilayətində vəziyyət yenidən gərginləşib.
Etiraz aksiyasının iştirakçıları bu dəfə dərman vurmaq üçün istifadə
edilən şprislərlə edilən hücumlara etiraz ediblər. Nümayişlərdə 5 nəfər
ölüb. Urumçidə icazəsiz nümayiş və yürüşlərin keçirilməsi isə qadağan
edilib. Çinin rəsmi xəbər agentliyi olan “Sinhua”nın internet saytında
yer alan məlumata görə, polis mindən artıq nümayişçini dağıtmaq üçün
gözyaşardıcı qazdan istifadə edib.
Qeyd edək ki, yüzlərlə
xan mənşəli çinli ötən gün səhər saatlarında, təhlükəsizlik sərhədini
aşaraq bir uyğur məhəlləsinə girməyə cəhd göstərib. Yüzlərlə polis
onlara müdaxilə edib. Xanlar Urumçidə son dövrlər baş verən şprisli
hücumlara görə uyğurları ittiham ediblər.
Çin rəsmi xəbər
agentliyinin məlumatına görə, avqustun 20-dən bu yana 476 nəfər şprisli
hücuma məruz qalıb. Çin hökuməti, hücumlarla əlaqədar 15 nəfərin
saxlanıldığını, hücuma məruz qalanlarda isə virus tapılmadığını
açıqlayıb.
ABŞ-da sürgündə olan müxalif uyğur lideri Rabiyə
Kadir isə rəsmi Pekini Urumçidə hər kəsin təhlükəsizliyini təmin etməyə
çağırıb. "Çinli səlahiyyətlilərə, uyğurlar və xan çinliləri də daxil
olmaqla Şərqi Türküstanda hər kəsin can və mal təhlükəsizliyini təmin
etməyə çağırıram", deyə R. Kadirin yazılı bəyanatında bildirilir.
"Xan çinlilərinin narahatlıqlarını göstərmək üçün dünən nümayiş
etməsinə icazə verilməsi, səlahiyyətlilərin ikili standart tətbiq
etdiyini göstərdiyini" deyən Kadir, uyğurlar və xanların sülh
şəraitində bir yerdə yaşaya bilməsi üçün Kommunist partiyasının
Sincandakı səlahiyyətlisi Wang Lekuanın istefa verməsini və uyğur
xalqının qanuni narahatlıqlarını və xanların ehtiyaclarını anlayışla
qarşılayacaq mülayim idarəçilərin təyin edilməsinin lazım olduğunu qeyd
edib.
Xatırladaq ki, Urumçidə iyul ayında baş verən etnik
qarşıdurmalar nəticəsində 196 nəfər ölüb. O dövrdən bölgədə
təhlükəsizlik tədbirləri artırılıb.